Yunanıstan "Patriot" kompleksinin Səudiyyə Ərəbistanında yerləşdirilmə müddətini uzadacaq

Yunanıstan Yanbu şəhəri yaxınlığındakı strateji əhəmiyyətli neft emalı infrastrukturunu qorumaq üçün Səudiyyə Ərəbistanında öz "Patriot" zenit-raket kompleksi batareyasının yerləşdirilmə müddətini uzatmağa razılaşıb.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla Ər-Riyadda görüş keçirib.

"Mitsotakis qeyd edib ki, Yunanıstana məxsus "Patriot" batareyasının mövcudluğu Qırmızı dəniz sahilindəki Yanbu şəhərində kritik əhəmiyyətli enerji infrastrukturunu qoruduğu üçün krallığın və bütün regionun təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. O, Səudiyyə Ərəbistanının bu mürəkkəb dövrdə "Patriot" kompleksinin krallıq ərazisində saxlanılması xahişinə Yunanıstanın müsbət cavabı barədə vəliəhd şahzadəni məlumatlandırıb", - məlumatda qeyd olunub.

Tərəflər ikitərəfli münasibətlərin strateji xarakterini təsdiqləyib, nəqliyyat infrastrukturu, energetika və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Yunanıstan hökumətinin başçısı həmçinin Səudiyyə Ərəbistanına hücumları pisləyib və krallıqla həmrəy olduğunu bildirib. Mətbuat xidməti xatırladıb ki, Yunanıstan 2021-ci ildən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiəsinin təmin edilməsində iştirak edir.

Görüşdə İran ətrafındakı vəziyyətə və Yaxın Şərqdəki hadisələrə, xüsusən də beynəlxalq gəmiçiliyin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib.

Mitsotakis vurğulayıb ki, Yunanıstan böyük dəniz dövləti olaraq dəniz ticarət yollarının təhlükəsizliyinə və beynəlxalq daşımaların fasiləsiz həyata keçirilməsinə mühüm əhəmiyyət verir.

Bundan əlavə, tərəflər Yunanıstan və Səudiyyə Ərəbistanından keçməklə Avropa ilə Asiya arasında rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan "East to Med Data Corridor" (EMC) layihəsi də daxil olmaqla, məlumatların ötürülməsi sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Digər xəbərlər