Yaponiyanın Baş naziri Fumio Kişidanın Liberal Demokrat Partiyası (LDP) və Komeitodan ibarət hakim koalisiya parlamentin aşağı palatasında çoxluq qazanacaq.
"Report" xəbər verir ki, bunu NHK telekanalının exit-pollunun məlumatları sübut edir.
Qeyd olunur ki, tək çoxluq üçün 233 mandat lazımdır və LDP onu itirə bilər. Komeito deputatları isə 27-dən 35-ə qədər yer tutacaqlar. Beləliklə, koalisiya ən əlverişsiz ssenaridə belə, aşağı palatada səs çoxluğu əldə edəcək.
Ana müxalifət olan Konstitusiya Demokratik Partiyası (KDP) isə öz növbəsində parlamentdəki təmsilçiliyini gücləndirəcək və 99-dan 141-ə qədər yer alacaq. Kommunist Partiyası, exit-poll-a görə, səkkizdən 14-ə qədər, Yaponiya Dirçəliş Cəmiyyəti isə 34-dən 47-yə qədər mandata sahib olacaq.
15:10
Yaponiya parlamentinin aşağı palatasına keçirilən seçkilər başa çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki,bu barədə İnzibati İşlər və Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, seçici fəallığı 31,64% təşkil edib. Bu, 2017-ci ilin son seçkiləri ilə müqayisədə 1,65% çoxdur.
Eyni zamanda, seçkilərdə ümumilikdə 20,5 milyona yaxın insan (seçicilərin 19,49%-i) vaxtından əvvəl səs verib.
11:20
Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilir. Hazırda seçici fəallığı 2017-ci ildə əvvəlki səsvermə zamanı demək olar ki, oxşar səviyyəyə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyi məlumat yayıb.
Yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçici fəallığı 21,49% təşkil edib.
Seçkilərdə heç bir insident qeydə alınmayıb.
Yaponiyada 46 000-dən çox seçki məntəqəsi var.