Bakı. 3 avqust. REPORT.AZ/ Yaponiya höküməti ABŞ kəşfiyyatı tərəfindən baş nazir Şinzo Abe, həmçinin korporasiyaların izlənməsi barədə məlumatlardan sonra izahat tələb etmək məqsədilə Birləşmiş Ştatlara müraciət etmək niyyətindədir. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir.
Bu bəyanatla Yaponiya Nazirlər Kabinetin baş katibi Yoşihide Suqa çıxış edib.
Ötən cümə günü, iyulun 31-də "Wikileaks" saytı gizli sənədləri çap edərək, ABŞ Milli Təhlükəsizlik Agentliyinin Yaponiya rəsmiləri və şirkətlərinin fəaliyyətini qanunsuz olaraq izlədiyini iddia edib.
"Əgər sənədlər doğrudursa, bu. həqiqətən də çox xoşagəlməz bir haldır. Biz etirazımızı bildirməliyik. Lakin əvvəlcə Yaponiya hökuməti bu məlumatı yoxlayacaq" - Suqa bildirib.
Saytın məlumatına görə, ABŞ kəşfiyyatının hədəfində Yaponiya hökumətinin üzvləri, Mərkəzi Bank, Maliyyə və İqtisadiyyat nazirlikləri olub.