Venesuelada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4 829 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes özünün Telegram kanalında məlumat verib.
Hökumətin gündəlik hesabatına əsasən, 16 740 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 17 907 şəxs isə evsiz qalıb. Zəlzələ nəticəsində 190 tikili tamamilə dağılıb, 856 obyektə isə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları çərçivəsində 6 462 nəfər xilas edilib, 34 872 sakinə tibb müəssisələrində tibbi yardım göstərilib. Ümumilikdə 128 324 ailəyə dəstək göstərilib, 20 857 nəfər 106 müvəqqəti sığınacaqda yerləşdirilib, zərərçəkmiş əhaliyə isə 10 063 ton ərzaq çatdırılıb.
Qeyd edək ki, yeraltı təkanlar iyunun 24-ü axşam saatlarında Venesuelada qeydə alınıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Hər iki zəlzələnin episentri Yarakuy ştatı ərazisində, bir-birindən 10 kilometr məsafədə yerləşib. Əsas zəlzələdən sonra 1 284 afterşok qeydə alınıb.