Ursula Fon der Lyayen: Aİ-nin genişlənməsi strateji seçimdir

Aİ-nin İnvestisiya Planı çərçivəsində bu günə qədər Qərbi Balkan ölkələri üçün 6 milyard avro qrant da daxil olmaqla 18 milyard avro səfərbər edilib.

"Report"un Avropa bürosunun məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu açıqlamanı 17 dekabr, Brüsseldə keçirilən Aİ-Qərbi Balkan ölkələri Zirvə sammitinin yekunlarından danışarkən verib.

O, qeyd edib ki, bütün region üzrə nəqliyyat, enerji, rəqəmsal rabitə və ətraf mühit sahələrində vacib infrastrukturun maliyyələşdirilməsi üçün 68-dən çox flaqman layihə həyata keçirilir. O qeyd edib ki, bu investisiyalar regionu daha rəqabət qabiliyyətli edir və Aİ-nin vahid bazarına daha yaxşı qoşur.

Davam edən böyümə planı nəticəsində Qərbi Balkan ölkələrinin iqtisadiyyatının gələn il 3 % artacağı gözlənilir.

Fon der Lyayenin sözlərinə görə, genişlənmə on ildən çox müddətdə ilk dəfə olaraq real imkana çevrilib. "Bu, strateji seçimdir və bizim ortaq təhlükəsizliyimizə, azadlığımıza investisiyadır", - o qeyd edib.

Avropa Komissiyasının prezidenti deyib ki, Albaniya və Monteneqro bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə ediblər. Kosovo da düzgün istiqamətdə irəliləyir. Burada müəyyən islahatlardan sonra Aİ regiona 216 milyon avro maliyyə yardımı ayırmağı planlaşdırır.

Digər xəbərlər