Tramp 12 milyard dollarlıq vacib mineralların strateji ehtiyatını yaradır

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İxrac-İdxal Bankından (EXIM) 12 milyard dollar ilkin maliyyələşdirmə ilə kritik mineralların strateji ehtiyatını yaratmağı planlaşdırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəsmi nümayəndəsi bildirib.

Qanunvericilərin fikrincə, "Project Vault" layihəsi Çinin litium, nikel, nadir torpaq elementləri, elektromobil və yüksək texnoloji silah istehsalı üçün zəruri olan digər kritik mineralların qiymətləri ilə manipulyasiyalarına qarşı durmaq üçün ABŞ-nin yeni cəhdi olacaq.

Layihə avtomobil istehsalçıları, texnologiya şirkətləri və digər istehsalçılar üçün mineralların alınması və saxlanması üçün 10 milyard dollar məbləğində EXIM Bank krediti ilə xüsusi maliyyələşdirməni birləşdirir. Strateji ehtiyat üçün xammalın alınmasını "Hartree Partners", "Traxys North America" və "Mercuria Energy Group" ticarət şirkətləri həyata keçirəcək. Planlaşdırılan ehtiyata həm nadir torpaq elementləri və kritik minerallar, həm də qeyri-sabit qiymətlərə malik digər strateji əhəmiyyətli materiallar daxil olacaq.

"Project Vault" ABŞ-nin avtomobil sənayesini dəstəkləmək məqsədi daşıyır və şirkətlərə öz balans hesablarında riskləri minimuma endirməyə imkan verir. Layihənin məqsədlərindən biri təcili istifadə üçün 60 günlük mineral ehtiyatının təmin edilməsidir. "Project Vault" artıq ehtiyatın formalaşdırılmasına başlayıb, həmçinin EXIM-in direktorlar şurasında yer alacağı gözlənilən icra strukturu yaradılır.

Digər xəbərlər