Suriyada qaz kəmərində güclü yanğın baş verib

Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətində qaz kəmərində güclü yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Syria TV məlumat yayıb.

Yanğın Deyr əz-Zor şəhərinin cənubundakı yaşayış məntəqələrindən birinin yaxınlığında qaz kəmərinin bir hissəsində baş verib. Ərazidə güclü yanma müşahidə olunur və alov uzaq məsafədən görünür.

Yanğının intensivliyi səbəbindən xilasedicilər hələlik alovu söndürə bilməyiblər. Alovun qarşısını almaq üçün ilk növbədə kəmər vasitəsilə qazın verilişinin dayandırılmasının tələb oluna biləcəyi bildirilir.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Yanğının səbəbi, qaz kəmərinə dəyən ziyanın miqyası və hadisənin qaz təchizatına mümkün təsiri hələ müəyyən edilməyib. Xəbər hazırlanarkən Suriyanın rəsmi qurumları hadisə ilə bağlı açıqlama verməyib.

Deyr əz-Zor vilayətində Suriyanın iri neft-qaz yataqları və enerji infrastrukturu obyektləri yerləşir. Regiondakı infrastrukturun əhəmiyyətli hissəsi silahlı münaqişə illərində zərər görüb. Son dövrlərdə Suriya hakimiyyəti bir sıra yataqların, boru kəmərlərinin və digər enerji obyektlərinin bərpası istiqamətində işlər aparır.

Digər xəbərlər

FIFA: UEFA İnfantinonu təqib edir 29 sentyabr, 2026 / 11:25