Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin rəsmi saytındakı məlumatda deyilir.
Telefon danışığı müharibənin dayandırılmasına kömək etməli olan gələcək danışıqlarla bağlı mesajları birbaşa V.Putinə çatdırmaq məqsədi daşıyır.
A.Stubb və Y.Störe vurğulayıblar ki, Finlandiya və Norveç Ukraynaya dəstək verməyə davam edəcək, həmçinin müharibəni başa çatdırmağın və danışıqları bərpa etməyin zəruriliyini bildiriblər.
"Danışıq səmimi və məzmunlu oldu. Biz Rusiyanın qonşularıyıq. Bu müharibənin nəticəsi bizim və bütövlükdə Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır", - A.Stubb bildirib.
Öz növbəsində, Y.Störe qeyd edib ki, müharibə maddi və insan itkiləri ilə müşayiət olunur.
Bununla yanaşı, məlumatda qeyd olunub ki, A.Stubb və Y.Störe danışıq zamanı yalnız öz ölkələrinin liderləri kimi çıxış ediblər və bütövlükdə Avropanı təmsil etməyiblər.