Slovakiyanın Macarıstanla sərhədi yaxınlığındakı daha bir fermada dabaq xəstəliyi təsdiqlənib. Bu, son vaxtlar xəstəliyin aşkar edildiyi altıncı fermadır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutay-Eştok bildirib.
Martın 21-də Slovakiyada dabaq xəstəliyinə ilk yoluxma açıqlanıb. Respublikada son 50 ildə xəstəlik qeydə alınmayıb. Slovakiyanın cənubunda, Macarıstanla sərhədə yaxın, əvvəllər xəstəliyin baş verdiyi dörd mal-qara fermasında dabaq xəstəliyi ilk dəfə təsdiqlənib. Dabaq xəstəliyinin aşkar edildiyi beşinci ferma Slovakiyanın qərbində, Çexiya ilə sərhəddən 60 kilometr aralıda yerləşən Plaveçki Ştvrotok yaşayış məntəqəsində yerləşir. Slovakiyanın hər yerində dabaq xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
"Yurova yaşayış məntəqəsində (Macarıstanla sərhəddə - red.) bu infeksiyanın daha bir ocağının olduğunu təsdiqləyə bilərəm", - Şutay-Eştok böhran qərargahının iclasından sonra bildirib.
O qeyd edib ki, bazar ertəsi hökumətin iclasında əsasən Macarıstanla sərhəddə 17-yə yaxın keçid məntəqəsinin bağlanması məsələsinə baxılacaq. Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, respublikada dabaq xəstəliyinin yayılmasına qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə əməl olunmasına nəzarət də gücləndiriləcək.