2026-cı ildə dördüncü dəfə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik edəcək Qırğızıstan təşkilatın maliyyə mexanizmlərini fəal şəkildə inkişaf etdirməyi və infrastrukturunun yaxşılaşdırılmasına töhfə verməyi planlaşdırır.
"Report"un məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin ŞƏT-ə sədrliyinə keçidini şərh edərkən deyib.
Qırğızıstanın sədrliyi "ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında keçiriləcək.
"İqtisadi əməkdaşlıq potensialının reallaşdırılması prioritet olacaq. Bu kontekstdə Qırğızıstan təşkilat üçün effektiv maliyyə mexanizminin yaradılmasının sürətləndirilməsini, o cümlədən regional iqtisadi inteqrasiyanın asanlaşdırılması üçün ŞƏT-in İnkişaf Bankının, İnkişaf Fondunun və İnvestisiya Fondunun yaradılmasını təklif edir", - deyə Japarov bildirib. Bundan əlavə, ölkə diqqəti nəqliyyat, logistika və infrastruktur məsələlərinə yönəltmək niyyətindədir.
Prezident qeyd edib ki, Qırğızıstan beynəlxalq avtomobil və dəmir yolu daşımaları üçün əlverişli şəraitin yaradılması, o cümlədən yeni nəqliyyat marşrutlarının yaradılması və ŞƏT-ə üzv dövlətlərin tranzit-nəqliyyat potensialından səmərəli istifadə edilməsi üçün çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi təklifini verəcək.