Serbiyada keçiriləcək parlament seçkiləri demokratik olacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Pink"ə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, seçkilər ya iyulun 12-də, ya da oktyabr-noyabr aylarında keçiriləcək.
"Ölkədə və dünyadakı vəziyyətdən asılı olaraq dövlət maraqlarını rəhbər tutacağıq. Əminəm ki, seçkilər demokratik olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələri tam şəkildə qəbul ediləcək, həmçinin məhkəmə sistemi ilə bağlı Venesiya Komissiyasının qərarları da həyata keçiriləcək", - Vuçiç qeyd edib.
Prezident vurğulayıb ki, hər şey xalqın istədiyi kimi olacaq: "Xalq nə düşündüyünü və hansı gələcəyi istədiyini demək imkanı əldə edəcək. Keçmişə qayıdışmı istəyirlər, boşaldılmış zavodlara, iş yerlərinin itirilməsinə, talançı özəlləşdirməyə, 2000-2012-ci illərdə olduğu kimi ərazilərin itirilməsinəmi qayıtmaq istəyirlər, yoxsa inkişaf və rifah yolunu davam etdirməyi? Düşünürəm ki, insanların qarşısında seçim kifayət qədər aydın olacaq".