İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və onun müttəfiqlərini təhdid edib.
Bu barədə "Report" İran KİV-nə istinadən xəbər verir.
"ABŞ və onun müttəfiqlərinin regionda uzun illər boyu neft və qazdan məhrum olması üçün ABŞ və tərəfdaşlarının infrastrukturunu dağıdacağıq", - SEPAH-ın bəyanatında bildirilib.
Həmçinin, SEPAH ABŞ və İsrailin İranın neft-kimya sənayesinə və digər infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq Yaxın Şərqdəki bir sıra obyektlərə dronlarla kütləvi zərbələrin endirildiyini açıqlayıb.
İran tərəfinin iddiasına görə, zərbələr İsraildə Dimona yaxınlığındakı neft-kimya sənayesinin enerji qurğusuna və yanacaq anbarına, "Cəbəl-Əli" limanındakı (BƏƏ) ABŞ Hərbi Dəniz Qüvvələrinin Təmir və texniki xidmət mərkəzinə, eləcə də Küveytdəki "Əhməd əl-Cabir" aviabazasında radiolokasiya sistemlərinə və ABŞ hərbçilərinin yerləşdiyi obyektlərə endirilib.
"Al Jazeera" telekanalı bildirib ki, SEPAH Səudiyyə Ərəbistanının Cübail regionundakı neft-kimya obyektlərinə zərbələr endirmək üçün raketlər və pilotsuz uçuş aparatları istifadə edib.
İran tərəfinin məlumatına görə, hücumlar İsrailin Şirazdakı neft-kimya kompleksinə endirdiyi əvvəlki zərbələrə cavab olub.
SEPAH bəyan edib ki, "Sadra", "ExxonMobil" və "Dark Chemical" da daxil olmaqla, ABŞ şirkətləri ilə əlaqəli obyektlər də hədəf olub.
Bundan əlavə, korpusun iddiasına görə, ABŞ şirkəti "Shourdan Phillips"ə məxsus Əl-Xuvaymədəki neft-kimya kompleksinə zərbələr endirilib.
İran hakimiyyəti daha əvvəl xəbərdarlıq etmişdi ki, ölkənin enerji və infrastruktur sisteminə hücumlar olacağı təqdirdə, regiondakı analoji obyektlərə cavab zərbələri endiriləcək.