Kanada Xarici İşlər Nazirliyi Rusiyanın Ottavadakı səfiri Oleq Stepanovu xarici işlər naziri Sergey Lavrovun ABŞ-nin Rusiyaya qarşı koalisiya yaratmaq üçün atdığı addımların Adolf Hitlerin hərəkətləri ilə müqayisə oluna biləcəyi və “rus məsələsinin” yekun həllinə yönəldiyini söylədiyinə görə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli britaniyalı həmkarı Ceyms Kleverli ilə Torontoda danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Bu gün həmkarlarım Rusiyanın Kanadadakı səfirini Rusiya naziri Sergey Lavrovun antisemit şərhlərini şəxsən pisləmək üçün çağırırlar”, - Joli bildirib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında Qərbin Rusiyaya qarşı siyasətini Fransa imperatoru Napoleon I Bonapart və nasist Almaniyasının başçısı Adolf Hitlerin planları ilə müqayisə edib:
“Necə ki Napoleon az qala bütün Avropanı Rusiya İmperiyasına qarşı səfərbər etmişdi, necə ki Hitler də Avropa ölkələrini səfərbər etmiş və ələ keçirmiş, onları silah altına almış və onları Sovet İttifaqına qarşısına atmışdı, indi də ABŞ, demək olar, bütün avropalılardan, NATO, həmçinin Aİ üzvlərindən ibarət bir koalisiya təşkil edib və Ukrayna vasitəsilə etibar üzərindən eyni tapşırıqla – “rus məsələsinin” yekun həlli üçün ölkəmizə qarşı müharibə aparırlar. Hitlerin “yəhudi məsələsinin” yekun çözümünü istədiyi kimi, indi də Qərb siyasətçilərini oxusanız ... birmənalı şəkildə deyirlər ki, Rusiya strateji məğlubiyyətə uğramalıdır”.
00:38
Yanvarın 18-də Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, bu barədə diplomat TASS-ın müxbirinə bildirib.
“Onlar məni Xarici İşlər Nazirliyinə dəvət ediblər. Saat 16:00-a (Bakı vaxtı ilə 01:00 – red.)”, - o deyib.
Stepanov Xarici İşlər Nazirliyinə çağırılma səbəbini açıqlamayıb.
Xatırladaq ki, 2022-ci ildə Stepanov Ukraynadakı müharibəyə görə dəfələrlə Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.