Nigeriya federal hökuməti Niger ştatında terrorçular tərəfindən qaçırılan 100 şagirdin azad edilməsini təmin edib.
"Report" xəbər verir ki, bu barədə "Channels" televiziyası məlumat yayıb.
Noyabrın 20-dən 21-nə keçən gecə Niger ştatının Papiri şəhərində 300-dən çox məktəbli və müəllim terrorçular tərəfindən girov götürülərək naməlum yerə aparılıb. Daha sonra 50 nəfər terrorçuların əlindən qaçıb. Daha 153 şagird və 12 müəllim quldurların əlində qalıb.
Terrorçular son vaxtlar bir neçə məktəbə hücum ediblər. Noyabrın 25-də səlahiyyətlilər Kebbi ştatında 17 noyabrda Maqaya hücumdan sonra terrorçular tərəfindən girov götürülmüş 24 məktəbli qızın azad edilməsini təmin ediblər.
Məktəbə hücumların sayının artması səbəbindən Nigeriya prezidenti xarici səfərlərini ləğv edib. Bundan başqa 36 ştatdan 10-da hakimiyyət təhlükəsizlik səbəbi ilə məktəbləri bağlayıb. Əlavə hərbi və polis qüvvələri yerləşdirilib.