Nigeriyanın cənub-qərbindəki Laqos ştatında çökmüş üçmərtəbəli ticarət kompleksinin dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb, daha 27 nəfər xilas edilib.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinə Laqos ştatının Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin daimi katibi Olufemi Oke-Osanyintolu bildirib.
Cümə axşamı səhər saatlarında Alakicada binanın çökməsindən sonra müxtəlif qurumların iştirakı ilə xilasetmə əməliyyatına başlanılıb.
Onun sözlərinə görə, xilasetmə qrupları dağıntılar altında qalanların tapılaraq təxliyəsi üçün gecə-gündüz çalışıblar. Dağıntılar altından çıxarılan yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumatlara görə, zərərçəkənlərin əksəriyyəti mağaza sahibləri və alıcılar olub.