NATO Ukraynaya hərbi yardımı davam etdirəcəyini vəd edib

NATO liderləri Haaqada keçirilən sammitin yekunları üzrə Ukraynaya hərbi yardımın davam etdirilməsinə sadiq qaldıqlarını təsdiqləyiblər.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir.

Eyni zamanda, yekun bəyanatda Ukraynanın Alyansa üzvlük perspektivləri barədə heç bir qeyd yoxdur. Həmçinin liderlər əvvəlki bəyanatlardan fərqli olaraq Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləməyiblər. Bununla belə, NATO ölkələri Rusiyanı Avro-Atlantik təhlükəsizliyinə uzunmüddətli təhdid kimi qeyd ediblər.

Müttəfiqlər 2035-ci ilə qədər kollektiv müdafiəyə xərclərini ÜDM-in 5 %-nə qədər artırmağa razılaşıblar.

"Vaşinqton müqaviləsinin 5-ci maddəsində təsbit olunmuş kollektiv müdafiəyə sarsılmaz sadiqliyimizi təsdiqləyirik, bu maddəyə əsasən bir nəfərə hücum hamıya hücum deməkdir", - bəyanatda bildirilib.

Digər xəbərlər