Bakı. 25 sentyabr. REPORT.AZ/ Meksikanın şimalında yerləşən Sinaloa ştatında 70 faiz sahə regiona yağan güclü yağışlar nəticəsində su altında qalıb. Ştatın kənd təsərrüfatına ciddi ziyan dəyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bölgə rəhbərliyinə istinadən "Televisa" telekanalı məlumat yayıb.
"Ziyan 15 min hektara [əkinə] toxunub", - deyə kanal regionun kənd təsərrüfatı və heyvandarlıq naziri Xavyer Valdes Palasuelosun sözlərini sitat gətirib.
Hökumətin təqribi hesablamalarına əsasən, 15 min baş mal-qara və 0,5 milyon baş ev quşu tələf olub. Palasuelos qeyd edib ki, bu, yekun məlumat deyil və dəymiş ziyanın qiymətləndirilməsi davam etdiriləcək.
Sinaloada daşqınlar nəticəsində azı 6 nəfər ölüb, min nəfər təxliyyə olunub. Ştatın 11 bələdiyyəsində fövqəladə vəziyyət elan olunub.