Makron ABŞ və İran arasında danışıqların bərpasına çağırıb

Fransa Prezidenti Emmanuel Makron İslamabadda yarımçıq qalmış ABŞ-İran danışıqlarının bərpasına çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mən dünən İran Prezidenti Məsud Pezeşkian, eləcə də ABŞ Prezidenti Donald Trampla danışıqlar apardım, İslamabadda yarımçıq qalmış danışıqların bərpasına, anlaşılmazlıqlara aydınlıq gətirilməsinə və gərginliyin yeni mərhələlərinin qarşısının alınmasına çağırdım. Atəşkəs rejiminə bütün tərəflərin ciddi şəkildə riayət etməsi və Livana da şamil edilməsi xüsusilə vacibdir", - o yazıb.

O qeyd edib ki, Hörmüz boğazının heç bir şərt, yoxlama və ya rüsum olmadan ən qısa müddətdə yenidən açılması da eyni dərəcədə vacibdir. Bu şərtlər daxilində danışıqlar əsas maraqlı tərəflərin dəstəyi ilə tezliklə bərpa edilməlidir.

Makron xatırladıb ki, Fransa və Böyük Britaniya bu cümə günü Parisdə konfrans keçirəcək. Videobağlantı formatında olacaq bu konfransda müharibə aparmayan ölkələr bir araya gələcək. Bu ölkələr təhlükəsizlik şəraiti imkan verən kimi boğazda gəmiçilik azadlığının bərpasına yönəlmiş çoxtərəfli və yalnız müdafiə xarakterli missiyada iştirak etməyə hazırdır.

Digər xəbərlər