Macarıstan parlament seçkilərində günorta seçici fəallığı 54 %-i keçib - YENİLƏNİB-2

Macarıstan parlament seçkilərində günorta seçici fəallığı rekord həddə - 54,14 %-ə çatıb.

"Report"un xəbərinə görə, bu barədə NVI məlumat verib.

Bu rəqəm 2022-ci ilin orta göstəricisindən 14 % yüksəkdir.

Macarıstan parlament seçkilərində yüksək fəallıq qeydə alıb.

"Report"un məlumatına görə, bunu "444.hu" saytının statistikası göstərir.

Budapeşt vaxtı ilə saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə, parlament seçkilərində seçici fəallığı əvvəlki seçkilərdən xeyli çox - 37,98 % təşkil edib.

Xatırladaq ki, 2022-ci il parlament seçkilərində seçicilərin yalnız 25,77 %-i səs verib, 2018-ci ildə isə bu rəqəm 29,93 % olub.

Bazar günü yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 08:00-da) Macarıstanda nəticələri hökumətin yeni tərkibini müəyyən edəcək ölkənin birpalatalı parlamentinə - Dövlət Məclisinə seçkilərdə səsvermə başlayıb.

"Report" xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 19:00-dək açıq olacaq.

Seçkilərdə 199 mandat uğrunda mübarizə gedir: onların 93-ü partiya siyahıları üzrə, qalan 106-sı isə birmandatlı seçki dairələrində bölüşdürüləcək. Əsas rəqiblər FİDES ("Macarıstan Vətəndaş Birliyi") Partiyası və onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyasının (XDXP) hakim koalisiyası ilə müxalif "Tisa" Partiyasıdır. FİDES-in lideri hazırkı baş nazir Viktor Orbandır, "Tisa"ya isə keçmiş hökumət rəsmisi və avrodeputat Peter Madyar rəhbərlik edir.

Analitiklərin qiymətləndirmələrinə görə, digər siyasi qüvvələr arasında beş faizlik seçki baryerini aşmaq və parlamentdə təmsil olunmaq üçün real şanslara yalnız Laslo Torotskainin rəhbərlik etdiyi sağ radikal "Vətənimiz" Partiyası malikdir.

2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkilərində FİDES və XDXP koalisiyası 135 deputat yeri qazanaraq konstitusion səs çoxluğu əldə etmişdi.

Qeyd edək ki, Macarıstanda sükut günü nəzərdə tutulmayıb, lakin səsvermə günü seçki məntəqələrinin 150 metrlik radiusunda təşviqat fəaliyyətinin aparılmasına, eləcə də kütləvi informasiya vasitələrində siyasi reklamın yerləşdirilməsinə qadağa qüvvədədir. Bununla belə, əvvəllər yerləşdirilmiş seçkiqabağı təşviqat materiallarının yığışdırılmamasına icazə verilir.

"Exit-poll" məlumatlarının dərcinə seçki məntəqələrinin işi başa çatdıqdan sonra icazə verilir.

Digər xəbərlər