KİV: Çin nüvə başlıqları istehsalı üzrə obyektləri sürətlə genişləndirir

Çin Xalq Respublikasının hakimiyyəti nüvə döyüş başlıqlarının elementlərinin yığıldığı müəssisələri sürətlə genişləndirir.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) "Open Nuclear Network" (ONN) və "Verification Research, Training and Information Centre" (VERTIC) təşkilatlarının peyk şəkillərinə əsaslanaraq yazıb.

Qəzet qeyd edir ki, Pekin nüvə başlıqları istehsalı üzrə əsas obyektlərdə fəaliyyətini kəskin şəkildə artırıb, 2021-ci ildən işlər sürətlə genişlənir.

Xüsusilə, son beş ildə Sıçuan vilayətində yerləşən və başlıqlar üçün plutonium nüvələrinin hazırlanması ilə məşğul olan obyekt ciddi dəyişikliklərə məruz qalıb. Burada mühafizə olunan ərazilərin sahəsi iki dəfədən çox artırılıb, binaların yenidən qurulması və yeni tikililər, o cümlədən əsas istehsal korpusu ətrafında inşaat işləri aparılıb.

Bundan əlavə, 2019-cu ildən etibarən Sıçuan vilayətinin Zıtun bölgəsində yerləşən başqa bir obyektdə intensiv işlər müşahidə olunur. Ehtimallara görə, burada başlıqda zəncirvari reaksiyanı başlatmaq üçün lazım olan partlayıcı maddə istehsal edilir. Əsas tikinti işləri, görünür, partlayıcının sınağı üçün nəzərdə tutulmuş korpusların yaxınlığında aparılır.

WP həmçinin noyabrın ortalarında məlumat yayıb ki, Çin hakimiyyəti XX əsrdə nüvə silahı sınaqlarının keçirildiyi Sintszyan-Uyğur Muxtar Rayonunun Lobnor bölgəsindəki obyekti genişləndirmək üzərində də iş aparır. Çin 1996-cı ildə Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinə qoşulub, lakin ABŞ kimi onu ratifikasiya etməyib.

Digər xəbərlər