İspaniyanın Kataloniya muxtar bölgəsində güclü yağışların fəsadları iki nəfərin ölümünə səbəb olub.
"Report" "El Pais" qəzetinə istinadən xəbər verir ki, bu barədə yerli yanğından mühafizə xidməti məlumat yayıb.
Məlumata görə, leysan regionda daşqınlara və yüzlərlə insidentə səbəb olub. Pis hava şəraiti ucbatından iki nəfər ölüb, daha bir nəfər isə itkin düşmüş hesab olunur.
Qeyd edilir ki, Barselona metropoliteninin işi pozulub, hava limanında bir sıra reyslər ləğv edilib və çoxsaatlıq gecikmələr yaranıb, bir neçə avtomobil yolu bağlanıb. Kataloniya paytaxtı ərazisində 17,6 mindən çox abonent işıqsız qalıb. Elektrik təchizatının bərpası üzrə işlər aparılır.