İngiltərədə etirazçılarla polis arasında miqrantlarla bağlı toqquşmalar baş verib

İngiltərənin cənubundakı Portsmut şəhərində qanunsuz miqrasiyaya qarşı etirazlar polislə toqquşmalara çevrilib.

"Report"un məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti xəbər yayıb.

Sentyabrın 6-da La-Manş boğazında Britaniya hakimiyyəti tərəfindən saxlanılan qanunsuz miqrantlar gəmidən şəhərə köçürülüb. Bundan sonra Kral Dəniz Qüvvələrinin bazasının yerləşdiyi liman şəhərində təxminən 500 nəfərin iştirak etdiyi etirazlar başlayıb. Nümayişçilər qanunsuz miqrantların saxlanıldığı güman edilən limana girişi bağlayıblar.

Onların Portsmutdan miqrantların saxlanma mərkəzinin yerləşdiyi Manstona köçürülməsi gözlənilir. Polis iğtişaşları yatırmaq üçün bibər qazından istifadə edib, lakin etirazçılar kiçik gəmilər üçün dayanacağın ərazisinə keçə biliblər.

"Sky News" telekanalı daha əvvəl Britaniya hakimiyyəti tərəfindən La-Manşda 140 qanunsuz miqrant daşıyan qayığın saxlanıldığını bildirib. Əməliyyata xilasetmə qayıqları, helikopter və sahil mühafizə təyyarəsi cəlb olunub.

Mühasirəyə alınan gəmi Fransanın şimal-qərbindəki Jobur (Normandiya) kommunasından Hempşir sahillərinə doğru gedirdi.

Digər xəbərlər