İraqda baş verən iğtişaşlar zamanı azı 12 nəfər ölüb, yaralıların sayı 650 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İnsan haqları üzrə Ali Komissiyadan məlumat verilib.
"Etirazlar zamanı 11 nümayişçi və 1 təhlükəsizlik xidməti əməkdaşı ölüb. 650 nəfər, o cümlədən təhlükəsizlik xidmətinin 87 əməkdaşı yaralanıb", - deyə Komissiyanın rəhbəri Əli əl-Bayati deyib.
Onun sözlərinə görə, 122 nəfər saxlanılıb, onların əksəriyyəti artıq sərbəst buraxılıb.
Daha əvvəl İraqın baş naziri Adel Abd əl-Mehdi davam edən etiraz aksiyaları fonunda cümə axşamı səhər saat 5-dən etibarən paytaxt Bağdadda komendant saatı tətbiq olunduğunu elan edib. Komendant saatı başqa bir neçə vilayətdə də tətbiq edilib.
Etirazlar oktyabrın 1-də Bağdadda başlayıb. Aksiyanın dağıdılması zamanı 2 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Çərşənbə günü etirazlar təkcə Bağdadda deyil, digər bir neçə vilayətdə - Zi-Kar, Vasit, Nəcəf, Divaniyyə, Babildə də davam edib.
Nümayişçilər yaşayış şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həllini tələb edirlər.