İndoneziya hökuməti Sumatra adasında Kerinçi vulkanının (3805 m) püskürməsilə bağlı həmin bölgədə təyyarə uçuşlarının təhlükəli olmasına dair xəbərdarlıq yayıb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Enerji və Mineral Sərvətlər Nazirliyinin bu barədəki bəyanatında vulkanın istənilən zaman bir daha püskürərək havaya təhlükəli şəkildə küllər sovurması ehtimalı olduğu üçün həmin bölgədən yan keçməyin daha məqbul olduğu göstərilir.
Qeyd edək ki, bu gün günorta vaxtı püskürməyə başlayan vulkanın külü 800 metrədək yüksəkliyə qalxmışdı. Krater ətrafında 3 kilometrlik zolaq daxilinə giriş məhdudlaşdırılıb.