Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb

Güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində Haiti və Dominikan Respublikasında onlarla yaşayış məntəqəsinin xarici aləmlə əlaqəsi kəsilib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Haitinin Mülki Müdafiə İdarəsinin məlumatına görə, ölkənin cənub-qərb bölgəsində təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb, daha 2 nəfər itkin düşüb. Daşqınlar 3 200-dən çox ailəyə ziyan vurub, yüzlərlə evi və bir sıra avtomobil yollarını dağıdıb.

Qonşu Dominikan Respublikasında isə daşqınların fəsadları azı 30 yaşayış məntəqəsini əhatə edib. Ölkənin Fövqəladə Əməliyyatlar Mərkəzinin məlumatına görə, 100-dən çox evi su basıb.

Qeyd edək ki, Haiti və Dominikan Respublikası Karib dənizində yerləşən Böyük Antil adalarının ikinci ən böyük adası olan Hispaniolanı bölüşürlər.

Digər xəbərlər