Əbubəkr əl-Bağdadinin bacısı tutulub

Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı Suriyanın Azez şəhəri yaxınlığında saxlayıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, 65 yaşlı Rasmiya Avad həyat yoldaşı, gəlini və 5 uşağı ilə birlikdə yaşadığı konteynerdə tutulub.

Türkiyənin adını açıqlamayan yüksək vəzifəli rəsmisi bildirib ki, R.Avadın tutulması kəşfiyyat baxımından “qızıl mədəni”dir: “Onun İŞİD haqqında bildikləri daha çox pis adamın tutulmasına yardım edəcək”.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Əl-Bağdadinin bacısının tutulması rəsmi Ankaranın terrora qarşı həyata keçirdiyi əməliyyatların uğurunun bir nümunəsidir. 

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.

Digər xəbərlər

Peruda güclü zəlzələ baş verib 20 avqust, 2026 / 23:13