Çinin cənubundakı Quandun vilayətində yaxınlaşan "Noul" ("Hunsiya") tayfunu səbəbindən 340 mindən çox sakin təxliyə edilib.
"Report" Xinhua-ya istinadən xəbər verir ki, bu barədə Quandun vilayətinin Daşqınlara və Quraqlığa Qarşı Mübarizə Qərargahının bəyanatında bildirilib.
Gözlənilir ki, bu il üzrə 12-ci tayfun olan "Noul" şənbə günü axşamdan bazar günü səhərədək Şençjen və Huylay şəhərləri arasındakı sahilə çatacaq. Küləyin sürəti saniyədə 42-48 metrə (Bofort şkalası üzrə 12-13 bala) çatacaq.
Yaxın sutka ərzində Quandun vilayətinin inzibati mərkəzi olan Quançjou şəhərində leysan yağışları gözlənilir. Sinoptiklər 50-100 mm, bəzi yerlərdə isə 250 mm yağıntı düşəcəyini proqnozlaşdırırlar.
Şənbə günü Çinin Daşqınlara və Quraqlığa Qarşı Mübarizə üzrə Dövlət İdarəsi Quandun vilayətində daşqınlar və tayfunlarla bağlı hazırlıq səviyyəsini üçüncü səviyyəyə (sonuncudan əvvəlki) yüksəldib.
Yerli dəniz idarəsi Quandunun sahil sularında olan 5109 gəmini təhlükəsiz ərazilərə yönləndirib, daha 418 gəmi isə Haynan vilayətinə və Futszyan vilayətinin şimal sahilləri yaxınlığındakı sulara göndərilib.
Quandun vilayətinin hakimiyyət orqanları 14 peşəkar xilasetmə gəmisini, 90 güclü yedək gəmisini və dörd xilasetmə helikopterini səfərbər edib. Hazır vəziyyətdə 16 vilayət səviyyəli fövqəladə hallar qrupu və 70 altqrup saxlanılır.