Boliviyada avtobus qəzasında səkkiz nəfər ölüb

Boliviyada La-Pas şəhəri ilə Yunqas bölgəsi arasındakı təhlükəli dağ yolunda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı səkkiz nəfər həlak olub, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə La-Pas yanğınsöndürmə xidmətinin rəisi Pavel Tobar bildirib.

Onun sözlərinə görə, qəzanın baş verdiyi yol yağışlar səbəbindən pis vəziyyətdə olub və sürücü idarəetməni itirmiş ola bilər.

"Kiçik sərnişin avtobusu təxminən 150 metr hündürlükdən yarğana düşüb. Səkkiz nəfər ölüb, altı nəfər xəsarət alıb. Ölənlər arasında üç yaşlı qız da var", - deyə Tobar dəqiqləşdirib.

Yanğınsöndürənlər və könüllülər sağ qalanları xilas etmək və cəsədləri çıxarmaq üçün bir neçə saat işləyiblər.

Boliviyada yolların pis vəziyyəti və hərəkət qaydalarına riayət olunmaması səbəbindən hər il orta hesabla 1000-dən çox insan yol qəzalarında həlak olur, 40 min nəfər isə xəsarət alır.

Digər xəbərlər