İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ təyyarəsinə raket atdıqdan sonra Amerika qırıcısı İranın Qeşm adasındakı zenit raketlərinin buraxılış qurğusunu məhv edib.
"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, hadisə noyabrın 3-ü, çərşənbə axşamına keçən gecə baş verib. SEPAH Qeşm adasından Hörmüz boğazındakı ABŞ təyyarəsinə raket buraxıb.
Cavab olaraq ABŞ qırıcısı raketin buraxıldığı zenit raket qurğusunu məhv edib. Amerikalı rəsmi hərbçilərin addımlarını özünümüdafiə kimi xarakterizə edib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-nin Qeşm adasına zərbə endirməsi barədə məlumat verib.