Banqladeşin Çittaqonq limanındakı dəniz konteyner anbarında iyunun 4-də baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 49-a çatıb.
“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı hakimiyyət orqanlarının rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, ölənlərin sayı arta bilər. Səlahiyyətli şəxslər insident zamanı daha 300 nəfərin yaralandığını bildiriblər.
Daha əvvəl ölkənin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar yanğın nəticəsində 25 nəfərin öldüyünü, 450-dən çox insanın yaralandığını bildirmişdi.
11:01
Banqladeşin Çittaqonq şəhərinin ətrafında yerləşən konteyner anbarında baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.
“Report”un məlumatına görə, bunu Banqladeşin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar deyib.
“Yanğın nəticəsində 5-i yanğınsöndürən olmaqla 25 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir. 450-dən çox insan xəsarət alıb”, - o deyib.
Qeyd edək ki, yanğın şənbə günü yerli vaxtla axşam saat 9 radələrində başlayıb və gecə yarısı anbarda güclü partlayış olub. Partlayışdan sonra yanğın sürətlə yayılıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri sınıb.
08:15
Banqladeşin cənub-şərqindəki Çittaqonq şəhərində şənbə günü konteyner anbarında baş verən yanğında azı 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
“Report” “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.
"Hazırda 15 nəfər ölüb. Ən azı 40 yanğınsöndürən və 10 polis də daxil olmaqla 170-ə yaxın insan yaralanıb. Hadisə üç yanğınsöndürən ölüb", - o deyib.
Yaralılar xəstəxanalara çatdırılıb.
Daha əvvəl 4 nəfərin öldüyü bildirilib.
03:27
Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, yanğın zamanı 4 nəfər ölüb, daha 400 nəfər yaralanıb.
Çittaqonq şəhərinin yanğınsöndürmə briqadası hadisəyə müdaxilə edən 4 əməkdaşının da yaralandığını açıqlayıb. Yaralıların müalicəsinə şəhərdəki hərbi xəstəxana dəstək verir.
Yerli vaxtla saat 22:30-da qeydə alınan yanğın partlayışdan sonra başlayıb.
Hadisənin başvermə səbəbi açıqlanmır.