İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı 300-dən çox insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı ölkənin güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, aksiyada yaranan qarışıqlıqlar zamanı 286 aksiyaçı və təhlükəsizlik qüvvələrinin 30 əməkdaşı yaralanıb.
***23:02
İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı 200 nəfər xəsarət alıb, daha 1 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Daxili İşlər nazirliklərinin birgə açıqlamasında bildirilir.
"Bir nəfərin ölümü qeydə alınıb, qırxı təhlükəsizlik orqanlarının əməkdaşları olmaqla, yaralıların sayı 200 nəfərə çatıb", - deyə birgə açıqlamada bildirilir.
Açıqlamada qeyd edilir ki, dinc aksiyada sonradan fitnəkarlar tərəfindən zorakılıq tətbiq edilib.
Bu gün İraqın paytaxtında elektrik enerjisi və içməli su təchizatı kimi xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Bu qəbildən olan kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub.
***20:36
İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı azı 40 nəfər xəsarət alıb.
“Report” “Xinhua”yə istinadən xəbər verir ki, ölkənin Dаxili İşlər Nazirliyindəki mənbə zərərçəkənlər arasında polis əməkdaşlarının olduğunu bildirb.
Toqquşma zamanı polis tərəfindən onlara daş və boş şüşələr atan etirazçılara qarşı işıq-səs qumbaralarından, su şırnaqlarından və bibər qazından istifadə olunub, nümayişçilər toplaşdıqları meydandan çıxarılıb. Avtomobil təkərləri yandıran nümayişçilər isə bəzi küçələri bağlayıblar. Bununla bağlı dövlət qurumlarının yerləşdiyi Yazıl Bölgədə təhlükəsizlik tədbirləri artırılıb.
Qeyd edək ki, bu gün paytaxtda elektrik və içməli su təchizatı kimi təməl xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz nümayişləri keçirilib. Bənzər kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub.