Avropa İttifaqı (Aİ) Bolu bölgəsində yerləşən hoteldə baş verən yanğınla əlaqədar Aİ Mülki Müdafiə mexanizmi vasitəsilə Türkiyəyə yardım təklif edib.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissarı Haca Labib (Hadja Lahbib) "X" hesabında paylaşım edib.
"Hazırda Türkiyədə olarkən Bolu yanğını qurbanlarının və onların yaxınlarının ağrısını çox yaxından hiss edirəm. Türkiyəyə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - Aİ komissarı qeyd edib.
H.Labib Aİ-nin Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb: "Aİ həmrəylik nümayiş etdirir və Aİ Mülki Müdafiə mexanizmi vasitəsilə dəstək təklif edir".
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.