Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın Cənubi Amerikadakı quru qoşunlarının komandanı, general Mark Stammer Kolumbiyaya gedib.
“Report” Venesuelanın “Tenemos Noticias” portalına istinadən xəbər verir ki, general Kolumbiya silahlı qüvvələri və güc qurumlarının rəhbərləri ilə iki ölkə arasındakı əməkdaşlığı gücləndirmək, o cümlədən regiondakı təhdidlərə qarşı tədbirlər görmək məsələlərini müzakirə edəcək.
Xatırladaq ki, bu səfər qonşu Venesueladakı siyasi böhranın kəskinləşməsilə üst-üstə düşüb. Həmçinin elə bu günlərdə internetdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Venesueladakı vəziyyətə həsr olunan brifinqdə çəkilən bir şəkili yayılıb. Şəkildə C.Boltonun cib dəftərçəsindəki “Kolumbiyaya 5 min hərbçi” qeydi aydın görünür.