ABŞ Çindən Tyananmen meydanında öldürülənlərin rəsmi sayını açıqlamağı tələb edib

Bakı. 4 iyun. REPORT.AZ/ ABŞ dövlət katibi Maykl Pompeo Çin hakimiyyətindən 1989-cu il iyunun 4-də Pekinin Tyananmen meydanında etiraz aksiyasının dağıdılması nəticəsində ölən və xəsarət alanların sayının rəsmi olaraq açıqlanmasını tələb edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibinin yaydığı bəyantda vurğulanıb.

“Biz Çin hakimiyyətindən öldürülənlərin, tutulanların və itkin düşənlərin sayını tələb edən beynəlxalq ictimaiyyətin tələbinə qoşurluruq. Meydanda baş verənlər günahsız insanların həyatını itirməsinə səbəb olan faciəli hadisədir”, - Maykl Pompeo vurğulayıb.

Tyananmen meydanı Çinin paytaxtı Pekində yerləşən dünyanın ən böyük meydanı sayılır. Meydan 1417-ci ildə tikilib. Oranın ilk adı Çenq Tyan Man olub. Bu, imperatorların ölkəni cənnətin əmrinə uyğun idarə etdiklərini bildirirmiş. Meydanda iki dəfə yanğın olub. Bundan sonra onun adı Tyananmenə dəyişdirilib.

“Xalq qapısı” adı verilən meydan 1989-cu ildə orada baş verən hadisələrdən sonra dünyada tanınıb. Həmin il aprelin 15-dən iyunun 4-dək tələbələr, ziyalılar və fəhlələr meydanda nümayişlər keçiriblər. Ancaq etirazlar Çin hökuməti tərəfindən qanlı şəkildə yatırılmış və çoxlu adam qətlə yetirilmişdi. Nümayişçilər arasında yüz minlərlə tələbə olub. Minlərlə tələbə aclıq aksiyası keçirib. Onlar hakimiyyətin meydanı boşaltmaq tələblərinə qarşı çıxandan sonra mayın 20-də ölkədə hərbi vəziyyət elan edilib. İyunun 3-dən 4-nə keçən gecə isə hakimiyyət nümayişçilər üzərinə silahlı əsgərlər və zirehli texnika yeridib. 

Rəsmi məlumatlara görə, 200-300, Çin Qızıl Xaç təşkilatının məlumatına görə isə 2-3 min arası adam qətlə yetirilib, 7 min etirazçı isə yaralanıb. 1989-cu il iyunun 5-də fotoqraf Cef Uidner təkbaşına dörd tankı dayandırmağa çalışan bir nümayişçinin fotoşəklini çəkib yayımladı. Bu şəkil bütün dünyada məşhurlaşdı.

Digər xəbərlər