Gürcüstanın Marneuli rayonunun bələdiyyə binası qarşısında simvolik “qırx mərasimi” aksiyası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları olan bir qrup gənc Marneulinin 2020-ci il büdcəsinin qeyri-şəffaf və əhali ilə müzakirə olunmadan qəbul edilməsinə etirazlarını bildiriblər.
Aksiyaçıların sözlərinə görə, ötən ilin dekabrın 26-da qəbul edilən büdcə “ölüb” və bu gün əsas maliyyə sənədinin “qırxı”dır. Etirazçılar iddia edirlər ki, büdcədə yerli əhalinin problemləri, ehtiyacları nəzərə alınmayıb və sənədin ictimai müzakirələri yalnız formal xarakter daşıyıb.
Aksiya çərçivəsində sakinlərə halva paylanılıb.