İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - əlavə olunub

Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır", - deyə dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Ölkə lideri qeyd edib ki, təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı:

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur etdi. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar".

İlham Əliyev bəyan edib ki, Azərbaycan müharibədə qalib gəldi, işğalçıları torpaqlardan qovdu, lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərin dağıdılmasına görə onlardan qisas almadı:

"Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik".

Digər xəbərlər