Bəzi qüvvələr Azərbaycanda milli həmrəyliyi zəiflətməyə cəhd edir - Rəy

Bəzi qüvvələr müxtəlif vasitələrlə Azərbaycanın dövlət institutlarına inamı sarsıtmağa, milli həmrəyliyi zəiflətməyə, ölkə haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər göstərirlər.

Bunu "Report"a açıqlamasında deputat Pərvanə Vəliyeva Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib:

"Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlət institutlarının yaradılması və möhkəmləndirilməsi, iqtisadi inkişaf strategiyasının formalaşdırılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin müəyyənləşdirməsi üçün mühüm təməl yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət davam etdirilərək Azərbaycanın bütün istiqamətlərdə, habelə iqtisadi, enerji, nəqliyyat, diplomatik və hərbi imkanları genişləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Silahlı Qüvvələri 44 günə ərazi bütövlüyümüzü, 23 saata dövlət suverenliyimizi tam bərpa etdi. Azərbaycan bu gün orta güc dövləti kimi tanınır, hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır. Güclü dövlətin əsasını isə milli birlik təşkil edir".

Deputat qeyd edib ki, azərbaycanlıların birliyi onları dünya xalqları arasında fərqləndirir:

"Məhz bu güclü milli ruh sayəsində Azərbaycan xalqı üç onillik keçsə belə heç zaman işğalla barışmadı və vətənə bağlılıq torpaqlarımızın işğaldan azad edilməsində əsas rol oldu. Bu gün Azərbaycan regional proseslərdə öz maraqlarını müdafiə edə bilən, enerji və nəqliyyat layihələrində mühüm rol oynayan, müxtəlif beynəlxalq platformalara ev sahibliyi edən və müstəqil xarici siyasət yürüdən ölkədir. Enerji təhlükəsizliyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantıları, regional əməkdaşlıq və diplomatik təşəbbüslər baxımından ölkəmizin çəkisi artıb".

Pərvanə Vəliyeva həmçinin deyib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür:

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün potensial təhlükələr sərhədlərimizin kənarından gəlir. Bəzi qüvvələr müxtəlif vasitələrlə ölkəmizin dövlət institutlarına inamı sarsıtmağa, milli həmrəyliyi zəiflətməyə, ölkəmiz haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Əvvəllər xarici müdaxilə deyəndə daha çox siyasi və diplomatik təzyiq başa düşülürdüsə, bu gün informasiya texnologiyaları vəziyyəti dəyişib. İndi bir ölkəyə fiziki müdaxilə etmədən də onun informasiya məkanına və ictimai fikirinə təsir göstərilə bilir. Dezinformasiya, təhrif olunmuş məlumatlar, saxta xəbərlər və sosial şəbəkələrdə manipulyativ kampaniyalar vasitəsilə insanların emosiyalarına təsir etmək mümkündür".

Milli Məclisin üzvü vurğulayıb ki, 2027-ci ildə müsəlman dünyası və Avropa İttifaqının Azərbaycanda keçiriləcək mühüm tədbirləri təsadüfi deyil:

"Azərbaycan etibarlı beynəlxalq tərəfdaş və dialoq platforması kimi mövqeyini gücləndirib. Mühüm tədbirlərin Bakıda keçirilməsi bunun arxasında Azərbaycanın son illərdə yaratdığı böyük diplomatik kapital dayanır. Bu gün Azərbaycan müxtəlif coğrafiyaları və siyasi platformaları bir araya gətirə bilən ölkə kimi çıxış edir. Bir tərəfdən ABŞ və Çin kimi böyük güclərlə strateji tərəfdaşıq, müsəlman dünyası ilə sıx əlaqələrimiz var, digər tərəfdən Avropa ilə enerji, nəqliyyat və siyasi əməkdaşlıq istiqamətlərində mühüm münasibətlər qurulub. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu praktik şəkildə həyata keçirir".

Deputat eyni zamanda söyləyib ki, Azərbaycan beynəlxalq platformalar vasitəsilə öz haqlı mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edir:

"Beləliklə, ən mühüm üstünlük "gündəm formalaşdıran ölkə" olmağımız, aparılan uğurlu xarici siyasət nəticəsində qlobal gündəliyi diqtə etmək imkanı əldə etməyimizdir. Prezident İlham Əliyevin bugünkü tədbirdəki mesajının əsas mahiyyətlərindən biri də budur ki, mədəniyyətlərarası dialoq yalnız mədəniyyət məsələsi deyil, həm də beynəlxalq münasibətlər və təhlükəsizlik məsələsidir. Dünyada müxtəlif cəmiyyətlər arasında inamsızlıq artdıqca, dialoqun əhəmiyyəti də artır. Azərbaycanın belə bir forumu keçirməsi də özlüyündə bir mesajdır: fərqliliklər qarşıdurma üçün səbəb olmamalıdır. Eyni zamanda, dialoq qarşı tərəfin daxili işlərinə müdaxilə etmək anlamına gəlməməlidir. Həqiqi dialoq suverenliyə, qarşılıqlı hörmətə və bərabərliyə əsaslanmalıdır".

Digər xəbərlər

Bakıda yeni park salınır 27 oktyabr, 2026 / 10:20