Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin normaları dəyişib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
İdman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən Gənclər və İdman Nazirliyi gələn il üçün keçiriləcək idman tədbirlərinə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Müvafiq idman federasiyası və ya digər aidiyyəti təşkilatlar nazirlik tərəfindən ümumi hesablamaların hazırlanması məqsədilə bu qaydaların müvafiq bəndində nəzərdə tutulmuş müddəti nəzərə alaraq keçiriləcək idman tədbirləri və tələb olunan zəruri vəsaitlərlə bağlı ilkin məlumatları Nazirliyə təqdim etməlidirlər.
Azərbaycan ərazisində keçirilməsi planlaşdırılan beynəlxalq idman tədbirləri üzrə beynəlxalq idman federasiyasının tədbirin keçirilməsi hüququnun verilməsi barədə qərarı və ya digər təsdiqedici sənəd, habelə tədbirin təşkili ilə bağlı bağlanılmış müqavilə də (mövcud olduqda) təqdim edilməlidir.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.