COP29-da iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması ilə bağlı qəbul edilmiş tarixi qərarla iqlim maliyyələşdirilməsi üçün yeni dövrün başlandığı elan edilib.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının iqlim məsələləri üzrə komissarı Vopke Hukstra Berlində keçirilən mətbuat konfransında bildirib.
"Fikrimcə, Paris həmişəkindən önəmli olmağa davam edir. Bu, üzərində bütün fəaliyyətlərimizin qurulduğu təməldir. Bu gün bizim qlobal temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq kimi aydın hədəfimiz var. Bildiyiniz kimi, biz COP28-də qalıq yanacaqdan keçidlə bağlı mühüm qərar qəbul etdik. Bu, həqiqətən də iqlim dəyişikliyi ilə mübarizəmizdə dönüş nöqtəsi idi. Daha sonra COP29-da biz 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfini üç dəfə artırmaqla bağlı çətin, lakin tarixi qərar qəbul edərək iqlim maliyyələşdirilməsi üçün yeni dövrün başlandığını elan etdik", - V.Hukstra bildirib.
Onun sözlərinə görə, COP30 Paris sazişinin tam həyata keçirilməsinə sarsılmaz sadiqliyimizi təsdiqləmək üçün bir şans və fürsətdir:
"COP28 və COP29-un uğurlarına əsaslanaraq COP30 milli səviyyədə müəyyən edilən ambisiyalı töhfələrimizi nümayiş etdirəcəyimiz an olacaq".
Əlavə edib ki, dünya artıq Paris razılaşmasından bəri qlobal istiləşməni bir dərəcədən çox azaltmağa nail olub.
"Əminəm ki, əgər biz uğur qazana bilsək və COP30-da daha artıq çoxtərəflilik görsək, real iqtisadiyyata çox güclü bir siqnal göndərəcəyik ki, sıfır emissiyalı dünyaya keçid nəinki mümkündür, hətta dünya artıq bu yolda irəliləyir", - V.Hukstra qeyd edib.