Türkiyənin isitmə, soyutma, havalandırma sistemləri (iqlimləndirmə texnologiyaları) sahəsində fəaliyyət göstərən şirkətlər Azərbaycan bazarında payını artırmaq istəyirlər.
Bunu “Report”a açıqlamasında Türkiyənin isitmə, soyutma, havalandırma sistemləri üzrə Sənaye İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Mehmət Şanal deyib.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycan Türkiyənin bu sistemlərin ixrac etdiyi ölkələr sırasında 16-cı yerdə qərarlaşıb.
"Əməkdaşlıq imkanlarını müzakirəsi üçün Türkiyədə fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri bu həftə Azərbaycana gəliblər. Azərbaycanda seminar təşkil olunub, həmçinin görüşlərimiz keçirilib. Gələcəkdə də bu sahədə seminarların, görüşlərin keçirilməsini planlaşdırırıq. Azərbaycandakı bu sektor təmsilçilərini məlumatlandırmağa çalışacağıq", - M.Şanal bildirib.
O hesab edir ki, türk istehsalçıları tərəfindən bu istiqamət üzrə Azərbaycan bazarına az əhəmiyyət verilib: "Azərbaycanda yeni texnologiyaları birgə tətbiq edib, dünyada baş verən yeniliklərə birgə uyğunlaşmaq istəyirik. Dünyadakı sistemlər sürətli şəkildə dəyişir, enerjidən səmərəli şəkildə istifadə ilə bağlı məsələlərə ehtiyac artır”.
M.Şanal Qarabağın işğaldan azad edilməsi ilə bağlı məmnun olduğunu bildirdi: “Qarabağda bir çox infrastruktur işləri həyata keçiriləcək, enerjidən səmərəli şəkildə istifadəsini əsas tutaraq bu istiqamətdə işlər həyata keçirə bilərik. Biz 45 gün öncə də burda idik, Qarabağla bağlı məlumat xarakterli görüşlərimiz keçirilib”.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanla-Türkiyə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 6,9 % artraraq 4 milyard 181 milyon 380 min ABŞ dolları təşkil edib.
Türkiyəyə ixrac bu ilin 11 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % artaraq 2 milyard 529 milyon 608 min ABŞ dolları, idxal isə 17,6 % artaraq 1 milyard 651 milyon 771 min ABŞ dollar təşkil edib.