Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri iştirak ediblər.
Görüşün təşkilində əsas məqsəd AZEBİ-nin gələcək fəaliyyət istiqamətləri, təşkilatın fəaliyyətinin gücləndirilməsini müzakirə etmək və Azərbaycan şirkətlərini narahat edən məsələlərlə tanışlıq olub.
Səfir Dursun Həsənov azərbaycanlı iş adamları ilə səfirlikdə mütəmadi görüşlərin keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycanın qonşu ölkənin əsas investorlarından biri olduğunu deyib.
AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov görüşə görə səfirə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyi Gürcüstandakı Azərbaycan şirkətlərinə daima dəstək göstərir.
Tikinti, əczaçılıq, loqistika, qida və digər sahələri təmsil edən şirkət nümayəndələri çıxış edərək Gürcüstandakı fəalliyətləri və gələcək planları barədə danışıblar. Onlar bildiriblər ki, Azərbaycan şirkətlərində çalışanların böyük əksəriyyətini Gürcüstanın ali təhsilli azərbaycanlı vətəndaşları təşkil edir.
Şirkət təmsilçiləri Azərbaycan dövlətinin qayğısına görə minnətdarlıqlarını ifadə ediblər. İş adamları bildiriblər ki, Azərbaycan şirkətləri Gürcüstan vətəndaşlarının rifahının yüksəldilməsinə böyük töhfə verirlər.
Görüş iştitakçıları Gürcüstandakı Azərbaycan şirkətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, bu cür görüşlərin daha intensiv keçirilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, AZEBİ təşkilatı 2009-cu ildə təsis olunub.