Macarıstan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard ABŞ dollarını ötüb və bu da əsasən neft-qaz sektoruna yönəlib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
Onun sözlərinə görə, Macarıstan şirkətləri ticarət və xidmət, nəqliyyat kimi sahələrdə çox fəaldır və Azərbaycanda 18 şirkət fəaliyyət göstərir: “Onlar Qarabağda fəaliyyət göstərməkdə də maraqlıdırlar”.
S.Bəşirli bildirib ki, Azərbaycan Macarıstanla sənaye parkları və zonalarının yaradılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, həmçinin əczaçılıq, maliyyə-bank, enerji və qida emalı sahələrində əməkdaşlıqda maraqlıdır.
Nazir müavini xatırladıb ki, ötən il Macarıstan şirkəti ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında alüminium içki qutusunun istehsalına dair müqavilə imzalanıb: “Dəyəri 211 milyon ABŞ dolları olan layihə çərçivəsində Ələtdə yaxın vaxtlarda zavodun tikintisinə başlanılacaq”.