"Holcim Azerbaijan"ın xalis mənfəəti kəskin azalıb

"Holcim Azerbaijan" ASC 2020-ci ili 2,15 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,3 dəfə azdır.

Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 100,716 milyon manat (əvvəlki ilə nisbətən 16% az), satışının maya dəyəri 59,118 milyon manat (9,9% az), çatdırılma xərcləri 15,279 milyon manat (23,5% az), ümumi və inzibati xərclər 8,593 milyon manat (20,4% az), satış xərcləri 2,287 milyon manat (45,8% az), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 588 min manat (1 il bundan əvvəl gəlir olub), vergi ehtiyatında dəyişiklikdən zərəri 1,361 milyon manat (1 il bundan əvvəl gəlir olub), maliyyə xərcləri 10,670 milyon manat (8% az), məzənnə fərqindən zərəri 513 min manat (1 il bundan əvvəl gəlir olub), digər gəlirləri 783 min manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 940 min manat (5,9 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə "Holcim Azerbaijan"ın aktivləri 292,831 milyon manat olub ki, bu da illik müqayisədə 4,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,5% azalaraq 151,532 milyon manata düşüb, balans kapitalı isə 1,5% artaraq 141,299 milyon manata çatıb.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər