Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 209 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 13 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 20,9 % payla 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 7 % azdır.
Bu ilin ilk 6 ayında Gürcüstan Rusiyadan 403 milyon ABŞ dolları, Bolqarıstandan 84 milyon ABŞ dolları, Rumıniyadan 63,5 milyon ABŞ dolları, Türkiyədən 53,8 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.