“Bir neçə aydan sonra Gürcüstandan Azərbaycanda fəaliyyət göstərən “McDonalds” restoranlarına “Breadfield” çörəkbişirmə müəssisəsinin məhsulları ixrac olunacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu “McDonalds Georgia” şirkətinin baş direktoru Tengiz Kapanadze “Business Media” nəşrinə deyib.
Onun sözlərinə görə, artıq Azərbaycana ilk sınaq məhsulları göndərilib: “Hazırda biz Azərbaycanın yerli bazarının xüsusiyyətlərini öyrənirik. Tezliklə çox intensiv təchizata keçmək istəyirik. Söhbət Azərbaycandakı bütün “McDonalds”ları “Breadfield” çörəkləri ilə təmin etməkdən gedir ki, bunun üçün təbii ki, intensiv işləmək lazımdır. Şəbəkənin bizim çörək məmulatlarımıza hazır olması üçün təxminən 6-7 ay vaxt tələb olunur”.
“McDonalds” şirkətinin Gürcüstanda ilk çörək zavodu bu ilin iyun ayında açılıb. “Breadfield” müəssisəsinin yaradılmasına 26 milyon lari (8,25 milyon ABŞ dolları) investisiya yatırılıb.