Gürcüstan Azərbaycandan süd və qaymaq alışını 18 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 4,62 milyon ABŞ dolları dəyərində 5 min 715 ton süd və qaymaq idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 dəfə, kəmiyyət olaraq – 18 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana süd və qaymaq tədarük edən ölkələr sırasında 1-ci yerdə (dəyərə görə isə 3-cü yerdədir) qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 37,4 milyon ABŞ dolları dəyərində 21 min 385 ton süd və qaymaq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7,5 % və 37,3 % çoxdur.

2023-cü ilin 10 ayı ərzində Gürcüstana Belarusdan 7,74 milyon ABŞ dolları dəyərində 3 min 640 ton, Niderlanddan 4,68 milyon ABŞ dolları dəyərində 1 min 373 ton, İrandan 4,17 milyon ABŞ dolları dəyərində 1 min 849 ton, Rusiyadan 3,8 milyon ABŞ dolları dəyərində 2 min 272 ton süd və qaymaq gətirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 46,1 milyon ABŞ dolları dəyərində 20 min 359 ton süd və qaymaq alıb ki, bunun da 842 min ABŞ dolları dəyərində 795 tonu Azərbaycanın payına düşüb.

Digər xəbərlər