Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə topdansatış və pərakəndə satış subyektləri arasında münasibətlərin ayrıca hüquqi mexanizmlərlə tənzimlənməsinə ehtiyac yaranıb.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, hazırkı qanunvericilik kənd təsərrüfatı məhsullarının satışı zamanı istehsalçılarla satış şəbəkələri arasındakı münasibətləri tam əhatə etmir: "Bu isə bəzi hallarda bazara giriş maneələrinin yaranmasına, ödənişlərin gecikdirilməsinə və qeyri-bərabər şərtlərin formalaşmasına səbəb olur".
C.Babayev qeyd edib ki, Agentliyə daxil olan şikayətlərin bir hissəsi məhz bu sahə ilə bağlıdır və indiyədək problemlər əsasən təsərrüfat subyektləri ilə qarşılıqlı razılaşma yolu ilə həll edilib: "Lakin iqtisadiyyatın genişlənməsi fonunda bu yanaşma kifayət etmir. Biir çox ölkələrdə tətbiq olunan, "ticarət qanunvericiliyi" kimi tanınan mexanizmlər istehsalçılarla satış şəbəkələri arasında münasibətləri daha aydın və ədalətli şəkildə tənzimləyir. Bu cür hüquqi çərçivənin yaradılması kənd təsərrüfatı bazarında rəqabətin qorunmasına və istehsalçıların maraqlarının müdafiəsinə töhfə verə bilər".