Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 087 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 mənzil və ya 4,65 % azdır.
Təkcə oktyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 99 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 21 mənzil və ya 17,5 % azdır.
Bu ilin 10 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 55 608, ötən ay isə 5 435 mənzil satılıb. Bunlar 1 il əvvələ nisbətən müvafiq olaraq 26,64 % çox və 8,85 % azdır.
Oktyabrda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 2 023, yanvar-oktyabr aylarında isə 11 334 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 498, yanvar-oktyabr aylarında isə 7 038 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə oktyabrda 310, ilk 10 ay ərzində isə 5 565 mənzilə sahib olub.