Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % artaraq 17 milyard 506,6 milyon manat olub.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % artaraq 9 milyard 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 % artaraq 7 milyard 830,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 874,5 milyon manatlıq, o cümlədən 17 milyard 426 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.