Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının tədarükünün qarşısı alınıb

Bu ilin mart ayında Azərbaycan, Tacikistan, Özbəkistan və digər ölkələrdən Rusiyaya fitosanitar statusu naməlum olan 1,3 ton bitkiçilik məhsullarının tədarükünün qarşısı alınıb.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, idxal “Rosselxoznadzor”un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə ərazi administrasiyasının ölkənin Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski beynəlxalq hava limanlarının sərnişin terminallarında apardığı yoxlamalar nəticəsində məhdudlaşdırılıb. Sərnişinlərin əl yüklərində 343 göndərişdə müxtəlif növ meyvə-tərəvəz, yaşıl bitkilər, qoz-fındıq, qurudulmuş meyvələr, quru paxlalılar və digər mallar aşkar edilib.

Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq, məhsullar məhv edilib.

Ümumilikdə, bu ilin əvvəlindən "Rosselxoznadzor"un regional şöbəsi əl yüklərində daşınan 4,4 ton təhlükəli bitki məhsulu müəyyən edib.

Digər xəbərlər